Bu arıq, axsaq və sallaqqulaq atın adqoyma mərasimi xüsusi əlamətlərlə yadda qaldı. Bibimin əri Əlipaşa dayı əlində ağac özünü qapımıza yetirdi, atamı o ki var danladı, dedi, bu nədi almısan, bundansa qatırdan-ulaqdan alaydın, ya da bir keçi alaydın, uşaqlar sağıb südünü içəydi. Atam bel üstə düşmədi, dedi, mərcanlılardan elə keçi qiymətinə almışam, mıxa düşmüşdü, yeriyə bilmirdi, elatın köçən vədəsi dəyər-dəyməzinə satdılar. Əlipaşa dayı atın yüyənini möhkəm tutub yalmanını bir az sığallayandan sonra qəfil dala çəkilib onun qarnına möhkəm bir təpik vurdu, boş dayanmış heyvancığaz bu zərbəni gözləmirdi, hoppanıb düşdü, sancıdan qıvrıldı, Əlipaşa dayı gülüb dedi: “At deyil bu, Alaşadır!”