Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürk 1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində anadan olub.
1948-ci ildə “Azərbaycan pioneri” qəzetində “Kitab” adlı ilk şeri dərc olunub.
1954-cü ildə Azərbaycan Dövlət Universitetinin, filologiya fakültəsinin jurnalistika şöbəsini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlayıb. 1954-cü ildə SSRİ Yazıçılar İttifaqının üzvü seçilib.
1957-ci ildə “Bahar gəlir” adlı ilk şerlər toplusu nəşr olunan şair həmin il Moskvaya, Maksim Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərilib.
1959-cu ildə vətənə qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 1963-cü ildə “Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)” mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə edib və filologiya elmləri namizədi dərəcəsinə layiq görülüb.
1984-cü ildə şairin “Ömürdən uzun gecələr” adlı kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət “Qardaşlıq çələngi” toplusu işıq üzü görüb. Bir il sonra “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-Özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülür.
Azərbaycanda xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rza da bütün varlığı ilə bu hərəkata qoşulub, imperiyanın şovinist siyasətini, Dağlıq Qarabağ torpağına göz dikən erməni daşnaklarını alovlu çıxışları ilə ifşa edib.
1990-cı ilin yanvarında sovet imperiyasının Bakıda törətdiyi qanlı cinayətlər barədə xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrə görə həbs olunub və Moskva şəhərindəki Lefortovo həbsxanasına göndərilib. 8 ay 13 gün zindanda qalan və öz mübarizəsini burada da davam etdirən şair “Lefortovo gündəliyi”ni, 200-dən çox şer və poema qələmə alıb.
1990-cı il oktyabrın 9-da Moskvadan Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxılıb.
1991-ci ildə şair “Türk milləti mükafatı laureatı”, 1992-ci ildə isə Azərbaycan Respublikasının Xalq Şairi fəxri adlarına layiq görülüb.
Türk dünyasının görkəmli şairi Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilib.
Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də Bakı şəhərində vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
DinləKitab Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün müxtəlif çıxışlarını və müsahibəsini təqdim edir.