Azərbaycanın xalq şairi Rəsul Rza (Rzayev Rəsul İbrahim oğlu) 1910-cu il mayın 19-da Göyçay rayonunda anadan olub.
1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb.
1927-ci ildə Tiflisdə dərc olunan "Qığılcım" almanaxında "Bu gün" adlı ilk şeri çap olunub.
Böyük Vətən müharibəsi illərində hərbi müxbir işləyən Rəsul Rzanın xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən "Vətən", "İntiqam! İntiqam…" adlı şer kitabları, "Ölməz qəhrəmanlar", "Qəzəb və məhəbbət", hekayə və oçerk topluları, "Vəfa" pyesi işıq üzü görüb.
"Şerlər" (1959), "Pəncərəmə düşən işıq" (1962), "Duyğular, düşüncələr" (1964), "Dözüm" (1965), "Dünən, bu gün, sabah" (1973), "Güneylər, quzeylər" (1977), "Üzü küləyə" (1979). Şairin "Rənglər" silsiləsi də məşhurdur.
Rəsul Rzanın lirik-epik səpkidə yazılmış "Qızılgül olmayaydı" poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biri sayılır. Poemanın mövzusu Müşfiqin həyatı və taleyindən götürülüb.
Yaradıcılıqla yanaşı ictimai-siyasi fəaliyyətlə də məşğul olan Rəsul Rza bir çox dövlət vəzifələrində çalışıb. 1939-cu ildə Azərbaycan Yazıçıları İttifaqının sədri, 1945-1948-ci illərdə Azərbaycan Kinematoqrafiya naziri, 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasının baş redaktoru, 1960-1981-ci illərdə Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri olub. 1964-cü ildə SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib.
1981-ci ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
DinləKitab Azərbaycanın xalq şairi Rəsul Rzanın 1958-ci ilə aid səsyazısını təqdim edir.