Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirmişdir. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçmüşlər. Sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyyətinə burada toxuculuq karxanasında başlamışdır. O, həyatı dərk etməyə başladığı andan Azərbaycan xalqının milli hüquqlarının pozulduğunun əyani şahidi olur… Onu da dərk edir ki, mübarizə aparmaq üçün kifayət qədər savadlı və bilikli olmaq lazımdır. Odur ki, qısa müddətdə ərəb qrafikasını və fars dilini öyrənir.. Sonralar Təbriz Dram Teatrında çalışmışdır. "Azərbaycan" qəzetinin redaksiyasında xüsusi müxbir vəzifəsində işləmiş Mədinə Gülgün 1945–1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu həmin inqilabın carçısı olmuşdur. O, 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsinə daxil olmuş, 1952-ci ildə həmin fakültəni bitmişdir.
DinləKitab Azərbaycan SSR əməkdar incəsənət xadimi Mədinə Gülgünün 1984-cü ilə aid səs yazısını təqdim edir.
Onun əsərləri bir sıra xarici ölkələrin dillərinə tərcümə olunmuşdur. Dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini bir humanist şair kimi daim izləmiş, kəsərli sözləri ilə onların səsinə səs vermişdir. Şairin Bakıda və Moskvada "Təbrizin baharı" (1950), Savalanın ətəklərində (1950); Sülhün səsi (1951); Yadigar üzük (1953); Təbriz qızı (1956); Firudin (poema) (1963); Dünyamızın sabahı (1974); Durnalar qayıdanda (1983); Dünya şirin dünyadır (1989) "Çinar olaydı", "Arzu bir ömürdür", "Yora bilməz yollar məni" (1978), "Könlümü ümidlər yaşadır" və onlarca diğər şeir kitabı dərc olunmuşdur. Bu kitabların başlıca mövzusu insan, azadlıq, Təbriz həsrəti, insanlara canı yanan bir ana qəlbinin arzu və istəkləridir. Onun lirik şeirlərinə mahnılar bəstələnmişdir.
O, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları (1960, 1974, 1986), "Şərəf nişanı" ordeni (1980), "21 Azər" (1946), "Əmək veteranı" və digər medallarla təltif olunmuşdur. Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Mədinə Gülgün 17 fevral 1991-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.