Kitaba məşhur Avstriya yazıçısı Frans Kafkanın «Hökm» novellası, pritçalarından nümunələr, «Gündəliklər»indən və çex jurnalisti Qustav Yanouxla söhbətlərindən parçalar daxil edilmişdir.
“Hökm” novellası şəxsi faciədən, müəllifin məruz qaldığı çıxılmaz durumdan bəhs edir: Ata ilə düşmənçilik, Oğulun nişanlanması və bununla bağlı ümidlər (təsadüfi deyil ki, Kafka bu əsəri nişanlısı Felitsa Bauerə ithaf edib), zorakı sonluq. Bu cür sonluq Kafkanın şüurunda öz işartısını daim göstərib. Xəstə ata Georqa ölüm hökmü kəsir, o da tərəddüd etmədən özünü çaya atır. Oğul o səbəbdən cəzaya məhkum edilir ki, o evlənmək, bununla da nəslin başçısını patriarx hüququndan məhrum etmək fikrinə düşüb. Ancaq çıxarılan hökmün gözlənilməz motivi də var: Ata – Peterburqda qərar tutan, həyatda və işgüzar mühitdə bəxti gətirməyən Dostun tərəfini saxlayır. Burada Dost – Kafkanın mənəvi dünyasını, Georq isə Kafkanın simasında atasının görmək istədiyi «şəhərli oğul» obrazını təcəssüm etdirir.