Stiven Hokinq nəzəri fizika və kosmologiya üzrə görkəmli alim,
yazıçı, Kembric Universitetinin Nəzəri Kosmologiya Mərkəzinin
elmi işlər üzrə direktoru kimi tanınmışdır. Kvant kosmologiyasının
əsasını qoyan nəzəri fizika alimlərindən biri olan Hokinq həm də bu
elmin kütləviləşməsi istiqamətində mühüm işlər görmüşdür. Onun
“Zamanın qısa tarixi” kitabı bu sahə üzrə ən çox oxunan və dəyərləndirilən
kitablar sırasındadır. Stiven Hokinq ömrünün əlli ildən
çoxunu əlil arabasında keçirməyə gətirib çıxarmış amansız xəstəliklə
mübarizəsi və buna baxmayaraq, böyük elmi uğurlara imza atmağı
bacarması ilə də seçilmişdir. “Böyük suallara qısa cavablar” əsərini
Stiven Hokinqin bir alim və ictimai xadim kimi vəsiyyəti, insanlığa
çağırışı və onun gələcək taleyi ilə bağlı müdrik məsləhətləri kimi
də dəyərləndirmək olar. Həyatının son ilində, ən müxtəlif söhbət
və müsahibələrindən ibarət olan arxiv əsasında yazmağa başladığı
bu əsəri bitirməyə amansız ölüm imkan verməsə də, Stiven Hokinq
fondu və onun həmkarları əsəri tamamlayıb geniş oxucu kütləsinin
sərəncamına vermişlər. Sadə, anlaşıqlı və estetik zövqlə yazılmış kitabın
Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanacağına ümid
edirik.