Yazıçı Səməd Behrəngi əsərlərində xalqımızın azadlıq, birlik arzularını əks etdirmiş, insanları zülmə, istibdada qarşı mübarizə aparmağa çağırmışdır. Siyasi alleqoriya janrında olan "Balaca qara balıq" hekayəsində müəllif öz azadlıq arzularını balaca balığın dili ilə ifadə edir.
Sonradan isə Fərşid Mesğalinin illustrasiyaları ilə zənginləşdirilmiş kitab 1967-ci ildə farsca çap olunmuşdur. Fərşid Mesğalinin həmin illüstrasiyaları müxtəlif illərdə mükafatlarla təltif edilmiş, o cümlədən 1974-cü ildə Hans Xristian Andersen mükafatına layiq görülmüşdür.
Səməd Behrənginin müəmmalı ölümündən sonra onun əsərləri və xüsusən də "Balaca qara balıq" əsəri daha da məşhurlaşır və mübarizənin, inqilabın rəmzinə çevrilir. Məhz buna görə də əsər Türkiyədə 12 sentyabr hərbi çevrilişi dövründə və İslam inqilabına qədərki İranda qadağan olunmuşdu. Əsər Adana Dövlət Teatrları Baş İdarəsi tərəfindən Mehmet Şekip Taşpınarın rəhbərliyi ilə 2008/2009-cu il teatr mövsümündə səhnələşdirilmişdir.
"Balaca qara balıq" əsərinin radio-tamaşası "Qanun" Nəşriyyatının "Dinlə kitab" audio layihəsinin səsyazma studiyasında səsləndirilib.
Tamaşanın rejissoru Elvin Adıgözəl, səs rejissoru Fəyyaz Ələkbərovdur.
Tamaşanı aktyorlar Elvin Adıgözəl, Ramiz Qəmbərov və Günış Bağırsoy səsləndirib.
Layihə rəhbəri Cəlil Cavanşirdir.