Bu nə yazdı, bu nə qışdı-deyə bilmirəm,
Ürəyimdə pöhrələnmiş adın qurudu.
Qoşa idik- milyon idim,
Tənhayam -birəm,
Dilim qarsdı, suyum yandı, odum qurudu.
Dünən iki qumru gördüm bir budaq üstə,
Dimdikləri bir-birinə söykəli idi.
Təbiətin görküydümü o bizə qəsdən?
Yoxsa elə iki mehrin heykəli idi?
Sən özünün dalınca qaç,
Özünü haqla.
Ağılsız baş, ya eləcə bir it kəlləsi...
Qürur odur tən dayana ən uca dağla,
Əsgi odur, onun səsi hardan gələsi...
Biz dünyanı bölməmişdik "sənin-mənimə",
Gözlərimiz bir-birinin oduna şərik!
Ağ qanaddın bəxt adlanan ağ yelkənimə,
Lüğətlərdə dəfn etmişdik riyanı, şəri.
Tilsim açar, buxov açar sözün açığı,
Yalan atı cilovladı,
Düz düşər atdan.
İkilikdə qulağına pıçıldadığım
Sözlər indi tikan olur dilimin altda.
Mən yuxuda görmüş idim neçə il əvvəl,
Son ünvanım sel ağzında uçuq çadırdı.
Yaman gözə şeşələnən buynuz hədəfə
Bu daş çoxdan atılmışdı,
İndi çatırdı.
Düyçələdim, sürüklədim ayaqlarımda
Ürəyimdən ürəyinə gedən yolları.
Nə yaxşı ki, yönü uçrum bu çağlarımda
Aylı, günlü, insanlıymış Vətən yolları.
"Gərək belə olmayaydı" deyirəm hərdən,
"Gərək", "gərək"- ömür keçdi,
Əlli də oldu.
Gərək nədi bu gərəksiz düşüncələrdən?
Elə necə olmalıydı- elə də oldu...
May-iyun 1984.