Rüfət Əhmədzadə 1933-cü ildə Bakıda anadan olmuşdur. Atası Zülfüqar Əhmədzadə xalq düşməni kimi həbs edilir və ailə Azərbaycanın Balakən rayonuna köçür. Elə əmək fəaliyyətinə də erkən yaşlarında orada başlayır. 13 yaşında səyyar kinomexanik vəzifəsində çalışır. Bakıya döndükdən sonra pionerlər evində direktor vəzifəsində çalışır və mətbuatda müxtəlif şerləri ilə çıxış edir.
"Kirpi" satirik jurnalının redaktoru Əvəz Sadıq onu jurnala dəvət edir və o, ömrünün sonuna qədər bu jurnalda çalışır.
Korrektor vəzifəsindən baş redaktorun müavini vəzifəsinə qədər yüksələn Rüfət Əhmədzadə 1988-ci il dekabrın 15-də 55 yaşında vəfat edib.
SSRİ Yazıçılar İttifaqının və SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur.
11 kitab, 4 musiqili komediya ("Sizin ilə, gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş", "Hələlik"), 3 televiziya tamaşası ("Sonuncu məhəbbət", "Gülüş sanatoriyası", "Şirbalanın məhəbbəti") və yüzlərlə satirik televiziya novella-səhnəciklərin müəllifidir. Bir çox tanınmış mahnılar onun şerlərinə bəstələnmişdir.Sonuncu "Sizin ilə gülə-gülə" kitabı 2012-ci ildə dərc olunub.