1926-cı il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində anadan olan Söhrab Tahir "Səadət” və "Şahpur” məktəblərində 9-cu sinfədək təhsil alıb, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti”ndə işləməyə məcbur olub. Sovet ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edib. 1946-cı ildə Bakıya təhsil almağa göndərilib. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası üzrə təhsil alıb. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxuyub. 1959-1961-ci illərdə Moskvada Maksim Qorki adına ali ədəbiyyat kurslarında müdavim olub. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər” ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olub.
Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, "Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin, "Yazıçı” nəşriyyatının Bədii Şurasının, Azərbaycan Ədəbiyyat Fondu İdarə Heyətinin üzvü, SSRİ Ədəbiyyat Fondu plenumunun üzvü, Azərbaycan Yazıçılar Birliyi Şeir Şurasının sədri (1986-1991) olub. 1991-ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu İdarə Heyətinin sədri təyin edilib. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər” medalı və bir sıra başqa medallarla, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət” ordeninə layiq görülüb. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilib.
S.Tahirin həyat yolu mübarizələrdən, inqilablardan keçib. 1945-ci ildə S.C.Pişəvəri hökumətinin qurulması üçün əlində silah döyüşüb.