Köhnə məktublar

Yazar: Ramiz Rövşən
Səsləndirdi: Xəyalə Abbas
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 03:34
Xəbər gələr daha ömrün
qışından,
Soyuyursan –
saçlarına qar düşər.
Ancaq köhnə kitabların içindən
Hərdən-hərdən
köhnə məktublar düşər.
Əyilərsən, götürərsən gizlicə,
boylanarsan –
arvad-uşaq görməsin.
Çəkilərsən otağın bir küncünə,
gizli-gizli oxuyarsan hər sözü.
Bu nə sevgi məktubudu, ilahi,
indiyəcən ağrıyır hər sözü də.
Yazan qızın nəydi adı, ilahi?
Yaddan çıxıb sifəti də, üzü də.