Modern İran ədəbiyyatının parlaq imzalarından olan Sadiq Hidayətin bu romanı öz ölkəsində qadağan edilmişdi. “Kor bayquş” kitab kimi ilk dəfə 1937-ci ildə Hindistanda çap olundu. Əsərdəki hadisələr zaman və məkan xaricində cərəyan edir. Həmçinin hamı bir nəfər, bir nəfər hamıdır. Bir-birilə həm bağlı, həm də ayrı olan bir kişi və bir qadın qəhrəmanın həyati təsvirləri mifik psixoloji düşüncələr arasında əriyir, oxucunu mürəkkəb insan yaşantılarının dərin qatlarındakı sirli detalların təsirinə salır. İndi və keçmiş, yaddaş, xatirə və xəyallar görünməz tellərlə birləşərək hadisələrin həqiqətlə mücərrədlik arasındakı axınına şahidlik edir.