Görəsən bu uşaq harada qaldı?
Arvad cavab əvəzinə köksünü ötürdü. Fərrux yorğanı üstündən atıb dikəldi. Ayaqlarını çarpayıdan salladı. Xeyli sükutdan sonra üzünü yanında uzanmış arvadına tutdu:
- Əminə, sən də bilmirsən Tahir bu vaxtacan haralarda gəzir?
Əminə yorğanın altında büzüşüb böyrü üstə çevrildi.
- Bilmirəm, kişi, bilmirəm.
- Bəs niyə xəbər almırsan?
- Deyir, yoldaşlarımnan imtahana hazırlaşıram.
Fərrux başını buladı. Otağa süzülən ayın solğun işığı onun qansız sifətinə bir sarılıq da yaymışdı. O, əllərini çarpayıya dayayıb qalxdı. Sol ayağını döşəmədə sürüyə-sürüyə pəncərəyə tərəf getdi. Alnını şüşəyə dirəyib boş, sakit küçəyə baxdı. «Naxoş olmasaydım, gedib Tahiri axtarardım, - deyə düşündü. – Axı, bu iflic məni haradan tapdı? Bəlkə mən xəstə olduğum üçün Tahir istədiyini eləyir, məni gücsüz görüb daha qorxmur, çəkinmir?..». O, özünü doğrudan da gərəksiz bir adam zənn etdi. Bu fikirdən Fərruxun qəlbində özünə qarşı acıq dolu bir narazılıq yarandı. O, bütün bəlaların səbəbini sürünən sol qıçında gördü və əsəbiləşdi. Həkimin sözlərini xatırladı. «Sizə əsəbiləşmək olmaz, qətiyyən olmaz». Fərrux ürəyini toxtatmağa çalışdı. «Tahir belə özbaşınalıq eləməzdi. Evə gec gəlməzdi. İcazəsiz bir yerə getməzdi. Bəs indi nə oldu? Bir aydır, evə vaxtlı-vaxtında qayıtmır. Bilmir ki, bəyəm, mən xəstəyəm, narahatam?..»
Fərrux pəncərədən aralandı. Gəlib çarpayının küncündə əyləşdi.