Biri varmış, biri yoxmuş bir padşah varmış. Bu padşahın da bağında bir alma ağacı varmış. Bu ağac birinci gün çiçək açar, ikinci gün çiçəyini tökərmiş, üçüncü gün də bar verərmiş. Bu alma hər kes yesəymiş, onbeş yaşında oğlan olurmuş. Padşah hər gün səhər tezdən sübh açılan kimi durub gedərmiş bağa ki, almanı dərib yesin, amma görərmiş ki, alma dərilib. Kor-peşman geri qayıdarmış. Bir gün belə, beş gün belə, axırda padşah təngə gəlib böyük oğlunu yanına çağırdı. Oğul atasının qulluğuna gələn kimi baş endirib dedi:
-Ata, sənə fəda olum, mənə görə nə qulluq? Atası dedi:
-Belə də iş olar? Mən padşah ola-ola bağımdakı almaya həsrət qalam, heç ondan yeməyəm?! Gərək nə təhər olsa, almanı oğurlayanı tutasan ki, tənbeh oluna.
Oğlan atasının əlindən öpüb çıxdı, dava libasını geyinib, oxkamanını götürüb, bağa getdi
Oğlan bir saat gözlədi, iki saat gözlədi, sübh - alma yetişən vaxt yuxu onu tutdu. Bir zaman ayılıb gördü ki, alma ağacda yoxdu - dərilibdi. Padşahın böyük oğlu kor-peşman evə qayıtdı.